21–24 oktyabr tarixlərində Qazaxıstanın Almatı şəhərində IV Beynəlxalq Kukla Teatrları Festivalı (“Almaty Puppet Festival 2026”) keçiriləcək.

Festivalda Azərbaycanı Gəncə Dövlət Kukla Teatrı təmsil edəcək.

Bu barədə teatrın direktoru Əməkdar artist Fərmail Paşayev məlumat verib.

Dünyanın 11 ölkəsindən 14 teatr kollektivinin qatılacağı festival müxtəlif xalqların kukla sənətini, fərqli rejissor yanaşmalarını və səhnə yaradıcılığının rəngarəng nümunələrini bir araya gətirəcək.

Gəncə Dövlət Kukla Teatrı festivala Şarl Perronun eyniadlı əsəri əsasında hazırlanmış “Çəkməli pişik” tamaşasını aparacaq.

Tamaşanın quruluşçu rejissoru Şamil Məmmədlidir. Əsas rolları Nərmin Şərifova, Zülfiyyə Əliyeva, Saleh Cümşüdlü, Səməd Xanəhmədov, Nahidə Namazova, Yeganə Məmmədova ifa edirlər.

Tamaşa Almatı səhnəsində oktyabrın 22-də göstəriləcək.

Belə bir mötəbər festivalda iştirak Gəncə Dövlət Kukla Teatrı üçün milli kukla sənətini beynəlxalq səviyyədə təmsil etmək, Azərbaycan teatr mədəniyyətini tanıtmaq və müxtəlif ölkələrin teatr kollektivləri ilə yaradıcılıq əlaqələrini genişləndirmək baxımından əhəmiyyət daşıyır.