Ədəbiyyat üzrə Nobel mükafatının 2026-cı ildə laureatı kanadalı şair, yazıçı Enn Karson (Anne Carson) olub.
Mükafatı təqdim edən İsveç Kral Akademiyası bu barədə oktyabrın 8-də məlumat yayıb.
76 yaşlı yazıçı mükafata “klassik ənənə ilə oynaq dialoqda müasir ədəbiyyat üçün yeni formalar yaratmış cəsarətli və novator yaradıcılığına görə” layiq görülüb.
İsveç Kral Akademiyasının daimi katibi İnqrid Karlberqin sözlərinə görə, o, laureatın adının açıqlanmasına bir neçə dəqiqə qalmış Karson ilə əlaqə saxlayıb. Hazırda İslandiyada olan yazıçı bu xəbəri böyük sevinclə qarşılayıb.
Şair, yazıçı, esseist və tərcüməçi Enn Karson 21 iyun 1950-ci ildə Toronto şəhərində anadan olub. O, həmçinin antik ədəbiyyat tədqiqatçısıdır, 1981-ci ildə fəlsəfə doktoru dərəcəsi alıb. ABŞ və Kanada universitetlərində dərs deyib. Yaradıcılığında qədim yunan mifologiyasını müasir ədəbiyyatla birləşdirərək poeziya, nəsr və esse janrlarını özünəməxsus şəkildə sintez edir. "Autobiography of Red", "The Beauty of the Husband", "Nox və Red Doc" və s. əsərləri ilə tanınıb. Ədəbi fəaliyyətinə görə iki dəfə "Griffin" poeziya mükafatına, "T. S. Eliot", "PEN/Nabokov" mükafatlarına layiq görülüb.





















