Şəmkir şəhərində XX əsrin əvvəllərinə aid alman memarlığının nümunəsi olan və yerli əhəmiyyətli abidə kimi mühafizə edilən Lüteran kilsəsi (kirxa) mütəmadi olaraq mədəniyyət tədbirlərinə ev sahibliyi edir.

Oktyabrın 3-də burada Mədəniyyət Nazirliyinin Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi və Alman-Azərbaycan Cəmiyyətinin dəstəyi ilə Almaniyanın milli bayramı – Alman Birliyi Gününə həsr olunmuş konsert keçirilib.

Konsert Xalq artisti Fidan Hacıyevanın təşəbbüsü ilə keçirilən III Opera festivalı çərçivəsində təşkil edilib.

Tədbirin əvvəlində Alman-Azərbaycan Cəmiyyətinin sədri Çingiz Abdullayev tərəfindən Xalq artisti Fidan Hacıyevaya 50 illik yubileyi münasibətilə cəmiyyətin “Körpü” diplomu təqdim edilib.

Cəmiyyətin idarə heyətinin üzvü, tarix elmləri doktoru Həcər Verdiyeva çıxış edərək almanların XIX əsrdə Azərbaycan torpaqlarında məskunlaşma tarixindən, onların ölkəmizin ictimai və mədəni həyatına verdikləri töhfələrdən söz açıb, Şəmkirdəki alman kirxasının tarixi haqqında məlumat verib.

Musiqi proqramında Fidan Hacıyeva və onun rəhbəri olduğu Vokal məktəbinin gənc solistləri, “Mezzo” kamera orkestri çıxış edib.

Proqramda Azərbaycan və alman bəstəkarlarının opera musiqisindən parçalar, vokal nümunələr təqdim olunub.