Şair, publisist Hüseyn Bağıroğlunun 65 illik yubileyinə
Mənəvi sərvət sahibi hesab etdiyim insanlar arasında tanınmış şair, publisist Hüseyn Bağıroğlunun ayrıca yeri var. Bu il 65 illik yubileyini qeyd edən şairi 20 ildən artıqdır tanıyır, öyrənir, yaradıcılığından zövq alıram. Onun bənzərsiz poetik irsi həmişə dadıma çatır: həm yazı-pozu prosesində, həm də hansısa tədbirdə məruzə-çıxış zamanı.
Hüseyn Bağıroğlu gənc yaşlarından ədəbiyyata könül verib. Başqa ixtisas sahibi olsa da, özünü şeriyyətdə tapıb. İllər keçdikcə söz dünyasında öz dəst-xətti, poetik nəfəsi və milli düşüncəsi ilə seçilən söz adamına çevrilib. Şeirlərinin yer aldığı “Adam kölgəsinə səsləmə məni” (1998), “Mən çiynimdən yerə qoydum dünyanı” (2001), “Başımda qar olur, ayağımda yaz” (2010) və “Nə yaxşı göydədi hələ göy üzü” (2021) adlı kitabları ilə oxucuların rəğbətini qazanıb. Şeirləri bir sıra ölkələrdə də nəşr olunub, ayrı-ayrı poetik nümunələrinə mahnılar bəstələnib.
Vətən mövzusu Hüseyn Bağıroğlu yaradıcılığında, birmənalı olaraq, zirvədə dayanır. Onun şeirlərində Vətən coğrafi anlayışdan daha böyükdür; o, torpaqdır, yaddaşdır, şəhid qanıdır, bayraqdır, ana nəfəsi, uşaqlıq xatirəsi, yurd həsrəti, qayıdış arzusudur. Şairin “Vətən” şeiri bu mənada diqqətəlayiq nümunələrdəndir:
Dağlarda düşmənə göz dağı – səngər,
Düzlərdə bir zərif çiçəkdi Vətən.
Hər məqamda sən düşmənə sinə gər,
Simurq qanadında lələkdi Vətən.
Səngər, çiçək və Simurq – biri müdafiəni, biri zərifliyi, digəri xilaskarlıq və qoruyucu missiyanı ifadə edir. Müəllif Vətəni həm mübariz və qüdrətli, həm də zərif və müqəddəs bir varlıq kimi göstərir.
Hüseyn Bağıroğlu üçün Vətəni sevmək yalnız uğrunda döyüşmək deyil, həm də onun hər daşını, hər çiçəyini, hər xatirəsini qorumaqdır.
Tufanlı günlərdə dayağa dönər.
Dumanlı günlərdə mayağa dönər.
Qızara-qızara bayrağa dönən
Bir şəhid əynində köynəkdi Vətən.
Vətənin “şəhid əynində köynək” kimi təqdim edilməsi güclü metaforik çevrilmədir: Vətən artıq abstrakt coğrafi məfhum deyil, şəhidin bədənində, qanında və fədakarlığında təcəssüm edən mənəvi varlıqdır. Müəllif burada Vətəni köynəklə təsadüfən eyniləşdirmir. Çünki köynək insanın bədəninə ən yaxın geyimlərdəndir. Diqqət etsək, qohumların doğmalığını, dəyərli olmasını “bir köynək yaxın” ifadəsi ilə dilə gətiririk. Şeirdə köynək yalnız şəhidin əynindəki geyimi deyil, “son libas” – kəfəni də simvolizə edir. Deməli, şair bu bəndin dərin qatında metafizik məna yaradır: şəhid Vətən uğrunda ölən insan olmaqdan çıxaraq sanki Vətənin özünə çevrilir. Fiziki ölüm burada yoxluq deyil, şəhidin qanı bayraqda, bayraq isə Vətən anlayışında davam edir.
Çiçək açsın deyə yurdda daş-kəsək,
Gərək məzarda da döyünsün ürək.
Gərəksiz adamın nəyinə gərək,
Gərəkli adama gərəkdi Vətən.
Şair “məzarda da döyünən ürək” ifadəsi ilə fiziki ölümü mənəvi ömürlə (əbədiyaşarlıqla) qarşılaşdırır: insan Vətən naminə öldükdən sonra belə onun fədakarlığı, sevgisi və iradəsi torpağın taleyində yaşamaqda davam edir. Burada “gərəkli” sözü yalnız faydalı insan anlamında deyil, Vətən qarşısında məsuliyyət daşıyan, onun ağrısını özününkü bilən, taleyinə biganə qalmayan insan mənasında işlənir. Beləliklə, şair demək istəyir ki, Vətənin qədrini bilmək üçün ona bağlılıq kifayət etmir, insan öz varlığı ilə Vətən üçün gərəkli olmalıdır.
Şair yazır ki, "Vətən göylərini qara buludlar almasın deyə gəl qaldıraq Vətəni buludlardan yuxarı". Müəllifin bu poetik düşüncəsində maraqlı məqam ondan ibarətdir ki, o, Vətənin başı üzərindəki "qara buludları dağıtmağı" deyil, “Vətəni buludlardan yuxarı qaldırmağı” tövsiyə edir. Yəni məqsəd yalnız təhlükədən xilas olmaq deyil, Vətəni problemlərin fövqünə yüksəltməkdir.
Şanlı Zəfərdən əvvəl yazılan qayıdış nəğmələri
Qarabağ mövzusu Hüseyn Bağıroğlu yaradıcılığından qırmızı xətt kimi keçir. Şairə görə, Qarabağ 30 ildən artıq əlimizin çatmadığı, yağı tapdağında dağıdılıb talan olunmuş sadəcə bir yurd yeri deyil. Təkcə didərginlik ağrısı, yurd həsrəti kimi də assosiasiya olunmur. Müəllif hələ bölgə işğal altında olduğu dövrdə qələmə aldığı şeirlərdə milli tarixi yaddaşı diri saxlamağa çalışırdı. Tariximizə qızıl hərflərlə həkk olunan 44 günlük Vətən müharibəsi gedişində qələmə aldığı “Qarabağ əbədi Azərbaycandır!” şeirində tarixi yaddaşla milli iradə bir-birinə sıx bağlıdır:
Hər qaya köksündə, hər dağ başında
Tarixim daşlarda dil açıb deyir;
Bu qədim torpağın hər qarışında
Şəhid məzarları dil açıb deyir:
“Azərbaycan can içində bir candır!
Qarabağ əbədi Azərbaycandır!”
Bu misralarda sanki daş da, tarix də, şəhid məzarları da danışır. Şair susan torpağı danışdırmaqla, əslində, milli yaddaşın heç vaxt susmadığını göstərir.
Şairin Qarabağ mövzulu şeirlərinin mayasında eyni zamanda dərin inam dayanır – haqqın öz yerini tapacağına, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunacağına, illərlə doğma yurdlarından ayrı düşmüş soydaşlarımızın bir gün öz evlərinə dönəcəklərinə sarsılmaz inam. Şair bu inamı 44 günlük Vətən müharibəsindən illər əvvəl qələmə aldığı “Bir gün dönəcəyik biz o yurdlara” adlı şeirində ifadə etmişdi.
Hər millət eşitsin, hər bəndə bilsin,
Qan içib məst olan düşmən də bilsin,
Düşmənə dost olan düşmən də bilsin,
Qəzəb dolur qəlbimizdə çatlara,
Bir gün dönəcəyik biz o yurdlara.
“Dönəcəyik” deməklə şair bu məqsədə nail olacağımızda zərrə qədər şübhə etmirdi. Çünki inanmaqda həm də gələcəyi görmək var. Bəli, o illərdə Qarabağın azadlığı böyük bir milli arzu, ağır tarixi sınaq idi. Lakin şair sanki əsir yurdlara böyük qayıdışı öncədən görür, hətta xalq-ordu birliyinin “taleyin ağır hökmü”nü dəyişdirmək qüdrətinə də inanırdı:
Dəyişib taleyin ağır hökmünü,
Oyadıb qəfildən nifrəti, kini,
Pələng yuvasına qayıdan kimi,
Bir gün dönəcəyik biz o yurdlara.
Mütləq dönəcəyik biz o yurdlara.
Bizimlə dönəcək yaz, o yurdlara.
Bəli, Azərbaycan Ordusu Qarabağ və Şərqi Zəngəzurda, sözün əsl mənasında, tarix yazdı. Şuşada, daha sonra Xankəndidə üçrəngli bayrağımız ucaldı, illərlə qəlbimizdə gümana bürüyüb yaşatdığımız qayıdış arzusu gerçəyə çevrildi. Əgər Şuşa zəfəri ordunun, gücün, şücaətin nəticəsiydisə, Xankəndinin azadlığı dövlət ağlının, düşünülmüş siyasətin əsəri oldu...
Hüseyn Bağıroğlunun son illərdə yazdığı “Azərbaycanım”, “Salam, əziz Şuşa!”, “Azərbaycan-Türkiyə”, “Sənin baban”, “Azərbaycan əsgəri” və digər şeirlərdə də vətənpərvərlik duyğuları özünəməxsus poetik çalarlarla tərənnüm olunur.
Özündəki məni oxu...
Hüseyn Bağıroğlunun poetik düşüncəsi çox zaman real həyatın və insan taleyinin müşahidəsindən daha irəli gedərək varlığın mahiyyəti, ruh, Tanrı, zaman və əbədiyyətlə bağlı suallara yönəlir. Şair “İlahi bir eşqin yolçusuyuq biz...” şeirində yazır:
Hər gördüyün bir yazıdı, ay adam,
Sənə bu aləmi oxu deyirlər.
Ruh Tanrının şah sözüdü, ay adam,
Özündəki məni oxu deyirlər.
“Özündəki mən” yalnız psixoloji özünüdərk kimi anlaşılmamalıdır, bu ifadə insanın öz mahiyyətində ilahi başlanğıcı axtarmasına işarə edir. Bu metafizik xətt “Ruhumuz göylərdə darıxır yəqin” şeirində daha aydın və fəlsəfi şəkildə görünür:
Ruhumuz göylərdə darıxır yəqin,
Yerdən göy üzünə baxmağa gəlir.
Bəlkə də əyninə bir bədən geyib
Güzgüdə özünə baxmağa gəlir.
Müəllifə görə, bədən ruhun mahiyyəti deyil, sanki onun müvəqqəti “libası”dır. Yer maddiliyi və faniliyi, göy isə ruhu və əbədiyyəti simvollaşdırır. İnsan oğlunun diləyi əsasən göydəndir. Bu misralarda şair insanın yer üzündəki mövcudluğunu təsadüfi və sonlu bir hal kimi deyil, ruhun daha ali bir varlıq qatından dünyaya enişi kimi mənalandırır. “Bədən geymək” ifadəsi ruhla maddi varlıq arasındakı metafizik münasibəti göstərir, “güzgü” isə insanın öz mahiyyətini, yəni maddi görkəmin arxasında gizlənən həqiqi “mən”ini axtarmasının rəmzi kimi çıxış edir.
Şairin metafizik dünyagörüşünün daha yüksək ifadəsi “Mən dünyadan qabaqdaydım” şeirində üzə çıxır:
Göyə endirdilər məni,
Səma gəlib çatdı mənə.
Sözlə dindirdilər məni,
Məna gəlib çatdı mənə.
Bilmədim bu nə qurğudu,
Başladı eşqin qürubu;
İçimdə ümman qurudu,
Dərya gəlib çatdı mənə.
Nə məkanda, nə vaxtdaydım,
Nəğmə kimi dodaqdaydım...
Mən dünyadan qabaqdaydım,
Dünya gəlib çatdı mənə.
Burada “dünyadan qabaq olmaq” xronoloji iddia deyil; insanın və ya ruhun maddi dünyanın zaman-məkan sərhədlərindən əvvəlki, yaxud onlardan kənardakı mahiyyətini poetik şəkildə ifadə edən metafordur.
Hüseyn Bağıroğlu poeziyasında metafizik düşüncə abstrakt fəlsəfi mülahizə şəklində deyil, ruhun öz mənşəyini, insanın dünyadakı yerini və faniliyin arxasındakı əbədiyyəti duymaq cəhdi kimi meydana çıxır.
Kim deyir bu ömür, bu gün havayı...
Hər ürək bir eşqin uçmuş sarayı.
Səhərlər Günəşi, axşamlar Ayı,
Gecələr özümü varaqlayıram...
Şair, "özünü varaqlamağı”, insanın özünə yönəlməsini sadəcə xatirələri yada salmaq deyil, varlığının mahiyyətini, keçdiyi ömrün mənasını və daxili “mən”ini oxumaq cəhdi kimi təqdim edir. Yəni insanın kainatı anlamaq yolu, əslində, öz daxili varlığını dərk etməsindən keçir. Burada ömür, eşq, Günəş, Ay və gecə yalnız həyatın, kainatın poetik dekorasiyası deyil, insan varlığının zaman və kosmosla münasibətini də ifadə edir.
Şairin “Ruhumuz göylərdə darıxır yəqin, Yerdən göy üzünə baxmağa gəlir” misralarında bu düşüncə daha aydın görünür: müəllif insanın yaşadığı maddi aləm – yerlə ruhun əzəli məkanı hesab olunan göyü qarşılaşdırır.
Bu metafizik xətt şairin "Yerdə fikirlərə qərq olur şair, Göydə Allahı da fikir aparır” misralarında isə yeni biçimdə ortaya çıxır. Burada şairin “fikri” adi düşüncə səviyyəsini aşır. Yer insanın dərdlərinin, qayğılarının, zamanın ağırlığının məkanıdırsa, göy sonsuz sualların, ilahi həqiqətin və ruhani axtarışların ünvanıdır. Hüseyn Bağıroğlunun 2021-ci ildə işıq üzü görən kitabına “Nə yaxşı göydədi hələ göy üzü” adını verməsi, bu mənada, təsadüfi deyil...
***
Hər zaman düşünürəm ki, nə yaxşı Hüseyn müəllimi yaxından tanımışam: həm özünü, həm sözünü. Onu yaxından tanıdınsa, uzaq ola bilməzsən!
Səmimiyyəti, səbirli təbiəti, xoş ünsiyyəti, insanlara mənəvi dayaq olmağı, ziyalılığı və qiymətli poeziyası ilə tanıyanların dərin rəğbətini qazanan şairi 65 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, sağlam, fərəhli və yaradıcılıq uğurları ilə zəngin uzun ömür arzulayıram!
Fariz Yunisli





















