Aprelin 29-da ​Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) milli kinomuzun fantastika janrında çəkilmiş nümunəsi olan "Əlaqə" (1989) bədii filminin nümayişi və müzakirəsi keçirilib.

Bu barədə Bəstəkarlar İttifaqından məlumat verilib.

Tədbirdə musiqi, kino, ədəbiyyat xadimləri, sənətsevərlər iştirak ediblər.

​1989-cu ildə "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Əlaqə" filmi həm süjet xətti, həm də vizual həlli ilə dövrünün qabaqcıl ekran əsərlərindən hesab olunur.

Rejissor Cahangir Zeynallının quruluş verdiyi, ssenarisi Xalq yazıçısı Anar tərəfindən qələmə alınmış film bəşəri sualları – insanların bir-biri ilə ünsiyyət qura bilməməsi, yadlaşma və mənəvi "əlaqə" axtarışını fantastik elementlərlə təqdim edir.

Filmin operatoru Kənan Məmmədov, bəstəkarı Firəngiz Əlizadədir. ​Rollarda İlqar Həsənli, Rafiq Əliyev, Aliyə Əliyeva, Fikrət Məmmədov və başqaları çəkilib.

​Tədbirin aparıcı-moderatoru Əməkdar incəsənət xadimi Aydın Kazımzadə çıxış edərək film haqqında maraqlı faktları diqqətə çatdırıb. Xüsusi vurğulanıb ki, filmin bu qədər təsirli alınmasında Xalq artisti Firəngiz Əlizadənin musiqisi müstəsna rol oynayır. Filmin musiqi dili ekran qarşısındakı tamaşaçını həm kosmik naməlumluğa, həm də insanın daxili aləminin dərinliklərinə səyahət etdirir.

​Nümayişdən sonra keçirilən müzakirələrdə filmin əsas qayəsi olan sülh, anlaşma və insanın kainatdakı yeri mövzularına toxunulub.

Xalq yazıçısı Anar, Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlizadə, Xalq yazıçısı Elmira Axundova, rejissor Cahangir Zeynallı, digər çıxış edənlər fikirlərini bölüşüblər.

Qeyd olunub ki, filmin afişasında yer alan “Başqa planetlərin sakinləri ilə əlaqə yaratmaq üçün inadla yollar axtarırıq, amma Yer üzündə insanların bir-biri ilə əlaqəsi varmı?” sualı bu gün də öz aktuallığını qoruyub saxlayır. Bildirilib ki, təxminən qırx il əvvəl çəkilməsinə baxmayaraq, "Əlaqə" filmi həm texniki həlli, həm də fəlsəfi yükü ilə müasir tamaşaçı üçün də olduqca maraqlıdır.

Çıxışlarda həmçinin diqqətə çatdırılıb ki, Bəstəkarlar İttifaqında təşkil olunan belə təqdimatlar milli kino tariximizin və filmlərdəki keyfiyyətli musiqi irsinin təbliği baxımından böyük əhəmiyyət kəsb edir.

​Tədbiri dəyərli fikirləri ilə yekunlaşdıran kinoşünas Aydın Kazımzadə ekran əsərinin Azərbaycan kino tarixindəki yerini bir daha vurğulayıb.