“Xalq şairi Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq martın 18-də Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə “XX əsr Azərbaycan ədəbiyyatının görkəmli siması Səməd Vurğun” mövzusunda tədbir keçirilib.

Bu barədə Milli Kitabxanadan məlumat verilib.

Kitabxananın direktoru professor Kərim Tahirov Səməd Vurğunun yaradıcılığından söz açıb. Qeyd edib ki, Ümummilli lider Heydər Əliyev böyük şairin yaradıcılığına həmişə önəm verərək onun “Azərbaycan” şeirinin misralarını yüksək kürsüdən xüsusi hissiyyatla söyləyib.

Vurğulanıb ki, Səməd Vurğunun dili Azərbaycan ədəbi dilinin ən parlaq, sadə və xalq ruhuna yaxın nümunəsi hesab olunur, onun poeziyasında milli ruh, folklor ənənələri və zəngin bədii təsvir vasitələri hakimdir. Şairin dili "qılınc kimi" kəsərli, eyni zamanda son dərəcə axıcı və aforizmlərlə zəngindir.

Tədbirdə Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Azərbaycanın Xalq şairi Səməd Vurğun” adlı elektron məlumat bazası və “Xalqımızın ilk Xalq şairi Səməd Vurğun” adlı virtual sərginin təqdimatı keçirilib.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini Mehman Həsənli qeyd edib ki, Səməd Vurğun yaradıcılığı, şəxsiyyəti, vətənpərvərliyi, milliliyi, milli olduğu qədər də beynəlmiləlçiliyi və digər saya gəlməyən insani keyfiyyətləri ilə hələ sağlığında xalq arasında simvollaşmış, rəmzləşmiş şəxsiyyət idi.

Ədəbiyyat İnstitutunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aslan Salmansoy bildirib ki, Səməd Vurğunun yaradıcılığı XX əsr Azərbaycan ədəbiyyatı tarixinin ən parlaq və təkrarsız səhifələrindən birini təşkil edir. Müasir Azərbaycan dilinin və ədəbiyyatının zənginləşməsində böyük rol oynamış sənətkarın bədii irsi mədəniyyətimizin inkişafında bütövlükdə yeni mərhələ olub. 

Səməd Vurğunun Ev-Muzeyinin direktoru, böyük şairin nəticəsi Vurğun Vəkilov elektron məlumat bazası və virtual sərgini yüksək dəyərləndirib, kitabxananın rəhbərliyinə və əməkdaşlarına dərin təşəkkürünü bildirib.

Tədbir iştirakçıları sonda kitab sərgisi ilə tanış olublar.