Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) birgə təşkilatçılığı, Heydər Əliyev Fondunun tərəfdaşlığı ilə “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” (5–11 dekabr) davam edir.
Bu çərçivədə keçirilən “Baku Cinema Breeze” beynəlxalq kino proqramında Türk Animasiya Assosiasiyası (ATA) da özəl proqramla iştirak edir.
Proqramın əsas məqsədi Türk dünyasının zəngin animasiya irsini nümayiş etdirmək və regionda uşaq animasiyasının inkişafına dəstək olmaqdır.
Dekabrın 6-7-də Nizami Kino Mərkəzində nümayiş olunan proqrama türk ölkələrinin animasiya studiyaları tərəfindən hazırlanan uşaq filmləri (“Sona”, “Tomato Doppi”, “Shanyraq”, “Kozular”, “Bıytıktar”, “Aqlli Qızalog”, “Bum Bum”, “Yer və Ay”) daxildir.
ATA-nın bu təşəbbüsü, yalnız əyləncə deyil ortaq mədəniyyətin təbliği, yaradıcı əməkdaşlığın genişlənməsi və gələcək nəsillərdə mədəni dəyərlərə marağın formalaşdırılması baxımından da mühüm əhəmiyyət daşıyır.
Proqram animasiya vasitəsilə Türk dünyasının hekayələrini daha geniş auditoriyaya çatdırmağı və bu sahədə yaradıcı dialoqa zəmin yaratmağı hədəfləyir.
***
Nümayişdən sonra “Sona” filminin rejissoru Kövsər Qurban, “Tomato Doppi” serialının rejissoru Pavel Kim, “Aqlli Qızalog” filminin rejissoru Azizbek Muhamedov, eləcə də “Bum-bum” filminin rejissoru Rəşid Ağamalıyev və yaradıcı heyət nümayəndələri ilə müzakirə keçirilib.
“Bum-bum” animasiya filmi Azərbaycan Animasiya Assosiasiyası tərəfindən, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə, ANİMAFİLM studiyasının məkan və texniki yardımı ilə istehsal olunub. Filmin istehsalında “Dynamic Box Studio” şirkəti də iştirak edib.
Yaradıcı heyət rejissor və ssenari müəllifləri Nəzrin Ağamalıyeva və Rəşid Ağamalıyev, məsləhətçilər Elçin Hami Axundov və Matthew Lyon, aparıcı animator Mehriban Əliyeva, kompozitinq rəssamı Emil Şiran, bəstəkar Azər Hacıəsgərli, səs rejissoru Nadir Mahmudov, səs aktyorları Sərxan Nəciyev, Kəmalə İsrafilova və Elşən Əsgərov, redaktorlar Gülşən Hüseynova və Elşən Cəbrailzadə, personaj rəssamları Türkan Əliyeva və Kübra Binnətova, qrafik dizayner Rəsul Həsəndən ibarətdir.























