Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından (4 sentyabr 2025-ci il) irəli gələrək Qazax rayonunda da silsilə tədbirlər təşkil edilir.
Qazax Ədəbiyyat Muzeyində rayon İcra Hakimiyyəti, Azərbaycan Yazıçılar Birliyinin Qazax bölməsi və BDU-nun Qazax filialının birgə təşkilatçılığı ilə “Yusif Səmədoğlunun ədəbi irsi: ənənə və müasirlik kontekstində” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfrans iştirakçıları əvvəlcə şəhərin mərkəzində yerləşən "Fəxri qazaxlılar" parkında Yusif Səmədoğlunun büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Ədəbiyyat Muzeyində yazıçının həyat və yaradıcılığını əks etdirən kitab və foto-sərgiyə baxış olub.
Muzeyin böyük zalında davam edən tədbirdə Yusif Səmədoğlu haqqında videoçarx nümayiş etdirilib.
Çıxışlarda qeyd edilib ki, Yusif Səmədoğlu XX əsr Azərbaycan ziyalılığının ali keyfiyyətlərini öz şəxsiyyətində daşıyan, mənsub olduğu nəsli təmsil edən bir insan olub. O, həyatı boyu həm ədəbi, həm də ictimai-siyasi fəaliyyətində azərbaycançılıq mövqeyində durub. Millilik, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, milli mədəniyyətin, milli əxlaqın gənc nəslə çatdırılması baxımından onun əsərləri dəyərli və güclüdür. Onun yaradıcılığında özünəməxsus düşüncə tərzi, dərin fəlsəfi yanaşma və ədəbi dillə susaraq danışmaq bacarığı vardı.
Tədbirdə diqqətə çatdırılıb ki, BDU-nun Qazax filialının tələbələri arasında Yusif Səmədoğlunun 90 illik yubileyinə həsr olunmuş esse müsabiqəsi keçirilib. Müsabiqənin qaliblərinə təşəkkürnamələr təqdim olunub.
Plenar iclasdan sonra konfrans BDU Qazax filialında bölmələr üzrə öz işini davam etdirib.























