Beş il əvvəl bu günlər yeni tariximizin şan-şərəf səhifələri yazılır, Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı torpaqlarımızı azad etmək üçün sentyabrın 27-də başlanan Zəfər yürüşü davam edirdi.
Vətən müharibəsinin ilk günü Ermənistan işğalçı qüvvələrinin otuz ilə yaxın qurub-möhkəmləndirdiyi istehkam xətlərini yararaq Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndlərini azad edən ordu hissələrimiz düşmənə bütün cəbhəboyu sarsıdıcı zərbələr endirirdi.
Oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan və Talış yaşayış məntəqələri, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri işğaldan azad edildi.
Oktyabrın 4-də isə Ordumuzun ilk böyük Qələbə sorağı gəldi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev televiziya ilə xalqa müraciətində Cəbrayıl şəhərinin işğaldan azad edildiyini bildirdi.
Dövlət başçısı həmin gün Cəbrayıl rayonunun daha doqquz kəndinin (Karxulu, Yuxarı Maralyan, Cəfərabad, Mahmudlu, Şükürbəyli, Dəjəl, Çərəkən, Daşkəsən, Horovlu) də erməni işğalından qurtulduğunu diqqətə çatdırdı.
27 il davam edən işğaldan sonra düşmən tapdağından azad edilən ilk şəhərimiz Cəbrayıl oldu. Bu, Azərbaycan Ordusunun torpaqlarımızın bütövlüyü uğrunda apardığı müqəddəs savaşın ilk qazi şəhəri idi.
Bu sıraya tezliklə işğal altında qalan digər şəhərlərimizin adı da yazılacağına inamımız tam idi. Çünki bu, Vətən müharibəsi, yurd yerlərimizin yağı tapdağından xilası üçün başlanan Qurtuluş savaşı idi. Bu savaşın hədəfi Azərbaycanın bütün ərazisi üzərində suverenliyinin bərqərar olması, ölkəmizin torpaq bütünlüyünün bərpası idi.
Cəbrayıl şəhərinin düşməndən azad edilməsi bu yolda qət edilən ilk mühüm mərhələ oldu.
Prezident, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində bu tarixi hadisənin xüsusi əhəmiyyətini vurğulamışdı: “Uzun illərdən sonra Cəbrayıl şəhəri azad edildi. Cəbrayıl bizimdir! Bu gün cəbrayıllılar, əlbəttə ki, sevinc içindədirlər, necə ki, bütün Azərbaycan xalqı. Bu, sevinc göz yaşlarıdır. 1990-cı illərin əvvəllərində də Azərbaycan göz yaşlarını töküb. Ancaq o, məğlubiyyət göz yaşları idi, o, faciə göz yaşları idi. Bu gün Azərbaycan xalqı sevinc içindədir... Biz bu günlər xalqımızın və dövlətimizin yeni tarixini yazırıq, şanlı tarixini yazırıq, tarixi ədaləti bərpa edirik. Çünki Qarabağ torpağı bizim əzəli tarixi torpağımızdır. Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, yaradıb, qurub, tikib. Ancaq uzun illər ərzində – 30 ilə yaxındır ki, erməni cəlladları torpağımızı işğal edib... kənd və şəhərləri dağıdıblar... Biz onları bərpa edəcəyik. Bu bölgələrə həyat qayıdacaq...”.
Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə dövlət başçısı tərəfindən 31 iyul 2023-cü il tarixində sərəncam imzalanıb. Sərəncamla 4 oktyabr Cəbrayıl Şəhəri Günü elan olunub.
Yağı tapdağından qurtuluşun dördüncü ildönümündə – 2024-cü il oktyabrın 4-də Cəbrayıl ilk “Şəhər günü”nü doğma sakinləri ilə qeyd etdi.
Cəbrayıl şəhərinə 2024-cü il sentyabrın 26-da başlanan Böyük Qayıdış davam etməkdədir. Ötən bir il ərzində Cəbrayıl şəhərində yüzlərlə ailə məskunlaşıb.
4 oktyabr təkcə cəbrayıllıların deyil, beş il əvvəl dövlətimizin başçısının dediyi kimi, bütün Azərbaycan xalqının sevincli günüdür.
Bu günü təqvimimizə qanı-canı bahasına yazan şəhidlərimizi bir daha rəhmətlə yad edir, qəhrəman qazilərimizlə sonsuz qürur duyuruq. Böyük Zəfərin ilk müjdəsi olmuş günümüz mübarək!
Vüqar Orxan