Azərbaycan mədəniyyətinə və musiqişünaslıq elminə ağır itki üz verib. Tanınmış musiqişünas-alim, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, Prezident təqaüdçüsü Aida Tağızadə 2025-ci il avqustun 6-da ömrünün 92-ci ilində vəfat edib. 

Bu barədə Azərbaycan Bəstəkarlar İttifaqından məlumat verilib.

Aida Zeynal qızı Tağızadə 1934-cü il fevralın 5-də anadan olub. 1958-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) Tarix-nəzəriyyə fakültəsini bitirib, daha sonra Qnesinlər adına Moskva Dövlət Musiqi-Pedaqoji İnstitutunun aspiranturasında təhsil alıb.

Zəngin yaradıcılıq fəaliyyəti olan alim musiqi tarixində bir sıra monoqrafiyaların, oçerk və məqalələrin müəllifi, tənqidçi, publisist, elmi redaktor və çoxlu sayda peşəkar musiqişünas yetişdirən pedaqoq kimi tanınıb. Azərbaycan musiqisinin tarixi-nəzəri və estetik problemləri onun daima diqqət mərkəzində olub. 1969-cu ildə o, “Soltan Hacıbəyovun yaradıcılıq üslubunun cizgiləri” mövzusunda dissertasiyanı müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə layiq görülüb.

A.Tağızadənin tədqiqatları sırasında həmçinin Cövdət Hacıyev, Rauf Hacıyev, Aqşin Əlizadə kimi görkəmli Azərbaycan bəstəkarlarının həyat və yaradıcılığına dair monoqrafiyaları, atası tanınmış dilşünas-alim haqqında “Zeynal Tağızadə: Ömrün üfüqləri” kitabını, “Musiqi ədəbiyyatı” (həmmüəllif F.Əliyeva) dərsliyini, “XX əsr Azərbaycan musiqisi” məqalələr toplusunu (I, II cild. Tərtibçi, elmi redaktor və ön sözün müəllifi), eləcə də rus dilində “Azərbaycan musiqi tarixi” dərsliyindəki oçerkləri, “XX əsrin 2-ci yarısında Azərbaycan musiqi mədəniyyəti”, “Böyük Vətən müharibəsi illərində Azərbaycan musiqi mədəniyyəti” kimi elmi toplularda və dövri mətbuatda dərc olunan məqalələri qeyd etmək olar.

Azərbaycan Dövlət Konservatoriyasında 40 ildən artıq pedaqoji fəaliyyət göstərən A.Tağızadə Musiqi tarixi kafedrasının professoru, 1976-1989-cu illərdə kafedranın müdiri olub, gənc musiqişünas kadrlarının yetişməsində əməyini əsirgəməyib. Kafedraya rəhbərlik etdiyi illərdə “Azərbaycan musiqi tarixi”, “Musiqi tənqidinin metodologiyası, tarixi və nəzəriyyəsi”, “Orkestr üslubunun əsasları”, “Müasir musiqi”, “Teatr tarixi” və s. kurslarının işlənib hazırlanmasında və tədris prosesinə daxil edilməsində mühüm rolu və əməyi olub. O, həmçinin Türkiyənin Bilkənd Universitetinin Musiqi və teatr fakültəsinin professoru kimi fəaliyyət göstərib.

1968-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olan A.Tağızadə uzun illər təşkilatın idarə heyətinin və musiqişünaslıq bölməsinin üzvü, habelə “Azərbaycan Ensiklopediyası”nın məsləhətçisi kimi geniş ictimai fəaliyyət göstərib.  

Musiqi mədəniyyətindəki xidmətlərinə görə 1991-ci ildə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülən alim 2011-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.

***

Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti, professor Firəngiz Əlizadə, ittifaqın katibləri və üzvləri Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor

Aida Tağızadənin

vəfatı ilə əlaqədar mərhumun ailəsinə və yaxınlarına başsağlığı verirlər.

Allah rəhmət eləsin.