İyulun 23-də Beynəlxalq Muğam Mərkəzində “Səriştələrin ölçülməsi: peşəkar müəllim inkişafı” mövzusunda tədbir keçirilib.
Tədbirdə mədəniyyət naziri Adil Kərimli, nazirliyin əməkdaşları, attestasiya komissiyasının üzvləri, bədii təhsil ocaqlarının direktorları və digər şəxslər iştirak ediblər.
Mədəniyyət naziri Adil Kərimli çıxış edərək müəllimlərin peşəkar inkişafının vacibliyini vurğulayıb. Qeyd edib ki, Mədəniyyət Nazirliyi sistemində fəaliyyət göstərən incəsənət məktəbləri müəllimlərinin bacarıq və səriştələrinin qiymətləndirilməsi ilk dəfə həyata keçirilir. Bu addım peşəkarlığın artırılması, sağlam rəqabətin təşviqi və mədəniyyət təhsilində yeni hədəflərə çatmaq üçün əsas vasitədir.
Nazirin müşaviri Cəsarət Valehov attestasiyanın nəticələri, bölgələr üzrə göstəricilər və növbəti addımlarla bağlı təqdimatla çıxış edib. Təqdimatda 2025-ci il üzrə həyata keçirilən attestasiya prosesi əks olunub, qarşıdakı ilin prioritet istiqamətləri açıqlanıb.
Tədbirdə valideynlər, komissiya üzvləri və yüksək nəticə göstərmiş müəllimlərdən bir qrupu çıxış edərək öz fikirlərini bölüşüblər.
Sonda incəsənət məktəbləri müəllim və şagirdlərinin ifasında musiqi nömrələri təqdim olunub.