Xəbər verdiyimiz kimi, Sumqayıt Dövlət Dram Teatrında Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsində igidliyi ilə tarix yazmış Natiq Qasımov (1971–1992) haqqında “Ölməz” adlı monotamaşa hazırlanıb.

Teatrdan bildirilib ki, "Heç kim unudulmur, heç nə yaddan çıxmır" adlı yeni teatr layihəsi çərçivəsində ərsəyə gələn səhnə əsərinə ictimai baxışı keçirilib.

Əsərin müəllifi Elşən Sərxanoğludur. Tamaşaya teatrın baş rejissoru Xalq artisti Firudin Məhərrəmov quruluş verib. Quruluşçu rəssam Elşən Sərxanoğlu, rejissor Ümid Abbaszadədir.

Monotamaşada gənc aktyor Elay Xasıyev çıxış edir.

Tamaşa dərin emosional təsiri, vətənpərvərlik ruhu və real hadisələrə söykənən dramatik süjeti ilə böyük maraqla qarşılanıb.

Məlumat üçün bildirək ki, səhnə əsərində Natiq Səlim oğlu Qasımovun igidliyindən bəhs edilir. O, 1992-ci ilin mart ayında Xocalı rayonunun Xramort (indiki Pirlər) kəndi yaxınlığında altı döyüş yoldaşını itirdikdən sonra beş gün ərzində təkbaşına alban kilsəsində mühasirədə qalıb və sonadək ermənilərə müqavimət göstərib. Yalnız Xocalıda girov götürülmüş 22 dinc sakinin həyatını xilas etmək üçün təslim olmağa razılaşıb. Təslim olarkən belə Azərbaycan bayrağını düşmənə vermir. Natiq Qasımov əsirlikdə işgəncə ilə qətlə yetirilib.

Prezident İlham Əliyevin 25 iyun 2024-cü il tarixli sərəncamı ilə o, ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Sumqayıt teatrında “Ölməz” tamaşasının premyerası sentyabr ayına planlaşdırılır.