Tarixdəki olaylar
21 iyul 1774 – Çar Rusiyası ilə Osmanlı dövləti arasında 1768-ci ildən davam edən müharibə Kiçik Qaynarca sülhü ilə başa çatıb. Osmanlı Krım xanlığının müstəqilliyini, Azov dənizinin, Moldaviya və Valaxiyanın (indiki Rumıniya ərazisi) Rusiyanın nəzarətinə keçməsini tanımalı oldu.
21 iyul 1831 – Belçika Niderland Krallığından ayrılaraq müstəqilliyini elan edib. XVI əsrdə İspaniyanın nəzarətinə düşən Belçika torpaqları 1714-cü ildə Avstriya tərəfindən işğal olunmuş, 1815-ci ildə isə Niderlandın nəzarətinə keçmişdi.
21 iyul 1920 – Şəmkir qəzasının Müşkürlü kəndində Azərbaycanın sovetləşməsi əleyhinə üsyan başlanıb. Üsyan bolşevik Rusiyasının işğalçı XI ordusunun hissələri tərəfindən yatırılıb.
21 iyul 1928 – Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarları Soveti “Yeni türk əlifbasının icbari və qəti olaraq tətbiq olunması” haqqında qərar qəbul edib. 1929-cu il yanvarın 1-dən Azərbaycan SSR-də latın qrafikalı əlifbaya keçid başlandı.
21 iyul 1992 – Milli Məclis Azərbaycan Respublikasının bir sıra beynəlxalq konvensiyalara qoşulması barədə sənədləri təsdiqləyib. Parlamentin qərarı ilə Azərbaycan aşağıdakı konvensiyalara qoşulub: Konsul əlaqələri haqqında Vyana Konvensiyası (24 aprel 1963-cü il tarixdə qəbul olunub); BMT-nin Müstəsna və Diplomatik hüquqları haqqında Konvensiyası (13 fevral 1946-cı il); İqtisadi, Sosial və Mədəni hüquqlar haqqında Beynəlxalq pakt (19 dekabr 1966-cı il); Mülki və Siyasi hüquqlar haqqında Beynəlxalq Pakt (19 dekabr 1966-cı il); Diplomatik əlaqələr haqqında Vyana Konvensiyası (18 aprel 1961-ci il); BMT-nin Uşaq hüquqları haqqında Konvensiyası (20 noyabr 1989-cu il).
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
21 iyul 1893 – Alman yazıçısı Hans Fallada (əsl adı Rudolf Wilhelm Friedrich Ditzen; 1893 – 5.2.1947) anadan olub. Əsərləri: “Anton və Herda”, “Sonra nə, balaca adam?”, “Canavarlar içində canavar” və s.
21 iyul 1899 – Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1954) Ernest Heminquey (Ernest Miller Hemingway; 1899 – 2.7.1961) anadan olub. Əsərləri: “Kişisiz qadınlar”, “Əlvida, silah”, “Əcəl zəngi kimin üçün çalınır” (romanlar), “Qoca və dəniz” (povest) və s.
21 iyul 1910 – Rus rəssamı, tarixi mövzuda monumental əsərlər müəllifi Vladimir Aleksandroviç Serov (1910 – 19.1.1968) anadan olub. SSRİ Rəssamlar İttifaqına rəhbərlik edib.
21 iyul 1933 – Amerika yazıçısı Con Qardner (John Champlin Gardner; 1933 – 14.9.1982) anadan olub. “Qrendel” romanı ilə məşhurlaşıb, yazıçılıq peşəsini öyrənənlər üçün “Ədəbiyyat sənəti” əsərinin müəllifidir.
21 iyul 1950 – Xalq artisti Məmmədbağır Məmmədəli oğlu Bağırzadə (1950 – 30.10.2005) Bakının Nardaran kəndində doğulub. Xalq və bəstəkar mahnılarının unudulmaz ifaçısı, populyar mahnıların (“Kimlərə qaldı dünya?”, “Yadıma düşdü”) müəllifi olub.
21 iyul 1964 – Əməkdar mədəniyyət işçisi Nairə Hafiz qızı Sadıxova (1964 – 4.9.2021) Bakıda doğulub. Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin direktor müavini olub.
Hazırladı: Vüqar Orxan