“Dədə Ələsgər Ocağı” İctimai Birliyinin Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Ustad Ələsgərin Göyçə harayı – Vətənə sarı” adlı layihəsi çərçivəsində növbəti tədbir Saatlı rayonunda təşkil olunub.
Tədbirdə əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Sonra “Qərbi Azərbaycan həqiqətləri” adlı videoçarx nümayiş olunub.
İctimai Birliyin sədri Xətai Ələsgərli çıxışında bildirib ki, layihənin məqsədi Qərbi Azərbaycan yaddaşının bərpası, ustad sənətkar Dədə Ələsgərin irsinin tanıdılmasına töhfə verməkdir. O, həmçinin Aşıq Ələsgərin həyat və yaradıcılığı haqqında söz açıb, ustadın saz-söz məktəbinin yalnız Göyçə mahalı üçün deyil, ümumilikdə Azərbaycan mədəniyyəti üçün əvəzolunmaz dəyər daşıdığını qeyd edib.
Saatlı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Azər Həsənov qeyd edib ki, Saatlıya 1948–1953-cü illərdə Qərbi Azərbaycandan minlərlə soydaşımız köçürülüb və hazırda rayonda 6 minə yaxın Qərbi Azərbaycan köçkünü yaşayır. O, belə layihələrin tarixi yaddaşın qorunmasına və soy-kökümüzə qayıdış baxımından önəmli rol oynadığını vurğulayıb.
Tibb elmləri doktoru, professor İbadulla Ağayev vaxtilə Qərbi Azərbaycan torpaqlarını qarış-qarış gəzdiyini, folklor nümunələri topladığını söyləyib. O, doğma torpaqlarımızda yenidən həyatın bərpa olunacağına və Qərbi Azərbaycanlı soydaşlarımızın öz dədə-baba torpaqlarına qayıdacağına inamını ifadə edib.
Sonra tədbir konsert proqramı ilə davam edib.
Layihə çərçivəsində növbəti tədbirlər Sabirabad, Bərdə və Bakı şəhərlərində təşkil olunacaq.