Aprelin 26-da Vatikanda katolik xristianların dini rəhbəri, Roma Papası Fransiskin dəfn mərasimi keçirilib.
Mərasim Müqəddəs Pyotr bazilikasının qarşısındakı meydanda təşkil edilib. Dəfn liturgiyasına 91 yaşlı kardinal Covanni Battista Re rəhbərlik edib.
Pontifik, öz vəsiyyətinə əsasən, Romadakı Santa Maria Maggiore bazilikasında dəfn edilib.
Papa Fransiskin vəsiyyətinin mətni onun ölümündən sonra açıqlanıb. “Məzarım torpaqda olsun, sadə və bəzəksiz” – vəsiyyətnamədə bu sözlər də yer alıb.
Vatikanın yaydığı məlumata görə, dəfn mərasiminə 130-dək xarici nümayəndə heyəti, o cümlədən 50-yə yaxın dövlət başçısı qatılıb.
Azərbaycanı mərasimdə Milli Məclisin sədri Sahibə Qafarova təmsil edib.
Bir gün öncə, aprelin 25-də isə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıdakı Müqəddəs Məryəm Ana katolik kilsəsində olub, Roma Papası Fransiskin vəfatı ilə əlaqədar başsağlığı veriblər.
Dövlət başçısını və birinci xanımı Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete qarşılayıb. Prezident və birinci xanım matəm kitabına ürək sözlərini yazıblar.
Xatırladaq ki, Roma Katolik Kilsəsinin tarixində sayca 266-cı Papa olan Fransisk əslən Argentinadandır, müqəddəs Taxt-Tacın başçısı seçilənə qədər adı Xorxe (Jorge) Mario Bergoglio olub.
2013-cü ildən Roma Katolik Kilsəsinə rəhbərlik edən Papa Fransisk aprelin 21-də, ömrünün 89-cu ilində vəfat edib.
Papa Fransiskin dəfn günündən başlayaraq Vatikanda novendial (doqquzgünlük matəm) elan edilib.
Yeni Papanın seçilməsi məqsədilə kardinallar yığıncağı (Konklav) mayın 5-də keçirilə bilər. Konklavda ümumilikdə 135 nəfərin (o cümlədən yaşı 80-dən az olan kardinallar) iştirak edəcəyi gözlənilir. Papa üçdə iki səs çoxluğu ilə seçilməlidir.
V.Orxan