Afrikada ilk yüksəksürətli dəmir yolu xəttinə malik Mərakeş bu sahədə imkanlarını genişləndirir. Aprelin 24-də Mərakeş Kralı VI Məhəmmədin iştirakı ilə Rabat-Aqdal stansiyasında yeni Kenitra-Marrakeş LGV (fr. Ligne à Grande Vitesse) – yüksəksürətli dəmir yolu xəttinin tikintisinə start verilib.
Mərakeşin Azərbaycandakı səfirliyindən verilən məlumata görə, 430 kilometrlik dəmir yolu layihəsinin dəyəri təxminən 53 milyard dirhəm (5,5 milyard ABŞ dollar) təşkil edir. Ölkənin nəqliyyat infrastrukturunu dəyişdirməyi hədəfləyən layihə ümumi dəyəri 96 milyard dirhəm olan daha geniş infrastruktur modernləşdirmə proqramının tərkib hissəsidir.
Kenitra-Marrakeş LGV xətti ölkənin Rabat, Kasablanka və Marrakeş kimi əsas şəhərləri birləşdirəcək. Marşrutun Rabat və Kasablanka hava limanlarında, həmçinin Benslimane-də inşa ediləcək yeni stadionda dayanacaqları olacaq.
Yeni dəmir yolu marşrutu ölkədə səyahət müddətini əhəmiyyətli dərəcədə azaldacaq. Mərakeşin şimalındakı Tanjer şəhərindən paytaxt Rabata gediş 1 saata, Tanjer–Kasablanka 1 saat 40 dəqiqəyə, Tanjer–Marrakeş marşrutu (təxminən 600 km) isə 2 saat 40 dəqiqəyə qədər qısalacaq ki, bu da mövcud marşrutlarla müqayisədə 2 saatdan çox vaxta qənaət deməkdir.
“Layihə bu sahəyə böyük sərmayə yatıran Azərbaycan kimi ölkələr üçün də nümunə təşkil edir, xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində” – deyə səfirliyin məlumatında vurğulanır. Məlumatda o da qeyd olunur ki, bu təkmilləşdirmələr Azərbaycanın Xəzər dənizi ətrafı ticarət yollarında dəmir yolu və logistika effektivliyini artırmaq cəhdlərinə bənzəyir.
Layihə Mərakeşin davamlı şəhər mobilliyi hədəflərinə dəstək verir. LGV mövcud dəmir yolu xətlərini boşaldaraq, Rabat, Kasablanka və Marrakeşdə şəhərdaxili qatar xidmətlərinə imkan yaradacaq və bu da şəhər tıxaclarının azaldılmasına töhfə verəcək. Mərakeşin dövlət dəmir yolu agentliyi ONCF, həmçinin 29 milyard dirhəmlik 168 yeni qatarın alınmasını və 14 milyard dirhəmlik texniki qulluq planını elan edib.
Mərakeşin ilk yüksəksürətli dəmir yolu xətti olan Tanjer–Kasablanka LGV 2018-ci ildə istifadəyə verilib və ölkəni həm Afrikada, həm də ərəb dünyasında bu sistemə sahib ilk dövlətə çevirib. Yeni Kenitra–Marrakeş xəttinin turizm, ticarət və iqtisadi inkişafı stimullaşdıracağı gözlənilir və Mərakeşi Afrika qitəsində nəqliyyat baxımından əsas oyunçulardan birinə çevirəcək. Qlobal ticarət dəhlizlərində rolunu artıran Azərbaycan kimi ölkələr üçün bu layihə infrastrukturun iqtisadi rəqabət qabiliyyətini artırmaq potensialını göstərir.
Yeni layihə ölkədən kənarda da geniş rezonans doğurub. Çünki bu iddialı təşəbbüs strateji infrastruktur sərmayələrinin regional və qlobal əlaqələrin gələcəyini necə formalaşdıra biləcəyinə dair bir model ortaya qoyur.
Qeyd edək ki, Mərakeş 2030-cu ildə İspaniya və Portuqaliya ilə birlikdə futbol üzrə Dünya Kuboku yarışına ev sahibliyi edəcək və mundial öncəsi yüksək standartlı nəqliyyat xidmətlərinin yaradılması prioritet istiqamətlərdən biridir.