Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 23 aprel – Dünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə tanınmış uşaq yazıçısı, publisist Sevinc Nuruqızının XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin şagirdləri ilə görüşü keçirilib.
Tədbirdə çıxış edən kitabxananın elmi işlər üzrə direktor müavini Günay Həsənova mütaliənin insan həyatındakı rolundan söhbət açıb.
Təhsil mərkəzinin dil və ədəbiyyat müəllimi Təranə Məmmədova S.Nuruqızı ilə olan tanışlığından danışıb, onu ədəbiyyatımızı yeni obrazlarla zənginləşdirən, uşaqların öz dilində yazıb-yaradan müəllif kimi xarakterizə edib.
Sevinc Nuruqızı balaca oxucularının ən sevimli kitablarından olan “Melissa”, 2020-ci ilin Vətən müharibəsi zamanı Ermənistan ordusunun Gəncə şəhərində dinc sakinlərə qarşı terror zərbəsinin qurbanları olmuş uşaqlara ithaf edilən “Pıçıltı”, Qarabağın tacı əsrarəngiz Şuşaya həsr olunan “Duman pəriləri Şu-Şa” kimi əsərlərinin yaranma tarixçəsi, məzmunu barədə məlumat verib.
Görüşün sonunda Gənclər Kitabxanası tərəfindən təhsil mərkəzinin kitabxanasına və şagirdlərə kitablar hədiyyə edilib.